Uncategorized

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi

29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri – 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçirilmişdir. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir

Biz “Azorel” MMC olaraq bu sahədə yeni hesab edilsək də, qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlərin sırasında sərgiyə iştirakçı kimi qatılmağımız sevindirici bir haldır və şirkətimizin sürətlə inkişaf etməsinin göstəricisidir.

Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan – “Əsrin Müqaviləsi”  öz iyirmi beş illiyini qeyd edir. İlk “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutdu. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir.

Şirkətimiz həmçinin, sərgi çərçivəsində keçirilən “Bizimkilər”, “Women in Power” və “Rəsmi Axşam Ziyafəti” tədbirlərində, və müxtəlif şirkətlərlə B2B formatlı ikitərəfli görüşlərdə iştirak etmişdir.

Sərginin sonunda şirkətimiz “ The Best Newcomer” (Yeni qatılanlar arasında ən yaxşı stend) Sertifikatına layiq görülmüşdür.